İQTİSADİYYAT


Kənd Təsərrüfatı Nazirliyinin layihəsinin uğurları Dünya Bankının illik toplantısında müzakirə edilib VİDEO

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısı keçirilir.

Toplantıda ölkəmizi maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti, ABŞ-dakı səfirimiz Elin Süleymanov təmsil edirlər.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi də daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunur.

Toplantı çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi təqdim edilib.

Dünya Bankı ekspertlərinin Azərbaycan üçün hazırladıqları bu sistem Azərbaycan nümayəndə heyətinə ölkəmizdə həyada keçirilmiş Kənd İnvestisiya Layihəsinin uğurlu nəticələri barədə ətraflı və şəffaf məlumat vermək imkanı yaradıb.

Coğrafi məlumat sistemi 2005-ci ildən başlamış və ikinci mərhələsi tamamlanmaqda olan Kənd İnvestisiya Layihəsi çərçivəsində icra olunmuş bütün sub-layihələri əks etdirir. Azərbaycanın 56 rayonunda 1999 sub-layihəni əhatə edən sistem tətbiq şəklində hazırlanıb və mütəmadi olaraq yenilənəcək. Xəritədə hər bir kənddə icra olunmuş sub-layihə barədə məlumatla yanaşı, onun dayanıqlılığı, sub-layihənin həyata keçirilməsinə sərf edilən bütün vəsaitlər, – istər nəzərdə tutulmuş, istərsə də paralel, – öz əksini tapıb. Sub-layihələrdən faydalanan icma nümayəndələri öz rəylərini bu sistemdə istədikləri vaxt qeyd edə bilərlər və rəylər sistemdə onlayn olaraq görünür.

Coğrafi məlumat sisteminin ən böyük üstünlüyü onun şəffaflığıdır. Sistem həm dövlət, icma və xeyriyyə gəlirlərinə nəzarət etmək imkanı yaradacaq, həm də bir-birinin fəaliyyətini izləməklə, icmalar arasında rəqabət imkanını gücləndirəcək, onları faydalı və dayanıqlı layihələrin hazırlanması və həyata keçirilməsinə sövq edəcək.

Təqdimat zamanı, Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsinə böyük diqqət ayırır. Maliyyə naziri Dünya Bankı ilə Azərbaycan dövlətinin birgə hazırladığı layihənin ölkəmizdə bu sektorun inkişafına daha güclü təkan verəcəyini bildirib.

Coğrafi İnformasiya Sisteminin təqdimatından sonra toplantıya qatılmış digər ölkələrin nümayəndələri, eləcə də Dünya Bankı əməkdaşları Kənd İnvestisiya Layihəsinin növbəti mərhələsində ölkəmizin daha böyük uğurlar qazanacağına əminliklərini ifadə ediblər.

Dünya Bankının 17-ci illik toplantısında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə rəhbərlik edir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə 2 layihə icra edir. Onlardan biri Kənd İnvestisiya Layihəsi, digəri isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsidir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.