İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Almaniyanın Münxen şəhərində səfərdə olub
Bakı, 18 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti fevralın 10-dan 16-dək Almaniyanın Münxen şəhərində səfərdə olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi “Otlaqların davamlı inkişafı və inteqrasiyalı idarə olunması” layihəsi üzrə peyk şəkillərindən istifadə edilməklə Azərbaycanda otlaqların ilkin qiymətləndirmə xəritəsinin təqdimatı və bu sahədə Almaniya təcrübəsinin öyrənilməsi olub.
Nümayəndə heyəti səfər çərçivəsində Almaniya Aerokosmik Mərkəzində, Bavariya Kənd Təsərrüfatı, Qida və Meşəçilik, Ətraf Mühit nazirliklərində, Aqrar Tədqiqatlar Mərkəzində, eləcə də təbiəti mühafizə üzrə qeyri-hökumət təşkilatları ilə görüşlər keçiriblər. Görüşlərdə nazirliyin mütəxəssisləri ilə almaniyalı həmkarları arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə geniş diskussiyalar aparılıb. Həmçinin təcrübə mübadiləsinin aparılması və kənd təsərrüfatının müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşlərdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak ediblər. Tədbir iştirakçıları otlaqları praktiki müşahidə etmək üçün bir günlük Alp dağlarının ətəyində yerləşən Karlsruhe Texnologiyalar İnstitutunun “Alpin kampusu”nu da ziyarət ediblər.
Qeyd edək ki, səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunub.