İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 7-ci Baltik Aqroforumunda iştirak ediblər
Bakı, 25 aprel, AZƏRTAC
Estoniyanın Tartu şəhərində bu ölkənin Kənd Təsərrüfatı Nazirliyi və Sosial Elmlər Universitetinin təşkilatçılığı ilə 7-ci Baltik Aqroforumu keçirilib.
On beşə yaxın ölkənin müvafiq dövlət qurumlarının, kənd təsərrüfatı məhsulları istehsalçılarının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrinin də qatıldıqları tədbirdə ölkəmizi Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov və Dövlət Aqrar Ticarət Şirkətinin şöbə müdiri Röyal Şirinov təmsil ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, aqroforumun builki əsas mövzusu ərzaq təhlükəsizliyi, aqroekologiya və orqanik məhsul istehsalının inkişaf etdirilməsi istiqamətində müxtəlif təcrübələrin araşdırılması olub. Forumda bu mövzunun Davamlı İnkişaf Məqsədlərinə də uyğun olması və bu sahədə müxtəlif ölkələrin təcrübələrinin nəzərə alınması, orqanik məhsul istehsalının elmi və iqtisadi əhəmiyyətinin düzgün araşdırılmasının əhəmiyyəti barədə müxtəlif təqdimatlar edilib. İştirakçılar forumda aqroekoloji prinsiplərin tətbiqi, orqanik kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində elmi tədqiqat işlərinin dərinləşdirilməsi, fermerlərin maarifləndirilməsi istiqamətində işlərin intensivləşdirilməsi, ətraf mühitin mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində əsaslı siyasətin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Aqroforumda ailə təsərrüfatlarının inkişaf etdirilməsi, onların təbii resurslarının istifadəsi və qorunması istiqamətində maarifləndirilməsinin, bilik mübadiləsinin təşkili, bu sahədə tədqiqatların aparılmasının gücləndirilməsi və onun nəticələrinin təsərrüfatlarda sürətlə tətbiqinin stimullaşdırılması, orqanik məhsulların istehsalı, onların satışının təşviqi yollarının axtarıb tapılması və s. mövzularda müzakirələr aparılıb.
Daha sonra forum iştirakçıları kənd təsərrüfatı sərgisi ilə tanış olublar.