REGİONLAR


Kənd Təsərrüfatı naziri İsmayıllıda fermerlərlə görüşüb

Bakı, 6 may, AZƏRTAC

İsmayıllı rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib.

Rayon icra hakimiyyətində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri və bu rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən nazir İnam Kərimov Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyulduğunu vurğulayıb. Nazir bildirib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Nazir Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə məlumat verib.

Sonra görüş iştirakçıları məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid və pestisidlər, texnika ilə təminatla bağlı fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, onların sualları cavablandırılıb.

Görüşdə ölkədə aqrar sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.