REGİONLAR
Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qayda qüvvəyə minib
Bakı, 7 yanvar, AZƏRTAC
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası bu il yanvarın 1-dən qüvvəyə minib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilən yeni qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə veriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı sahəsinə dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatan olmasına xidmət edir.
Yeni mexanizmin tətbiqi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi bütün hazırlıq tədbirlərini başa çatdırıb. Elektron hökumət portalı www.mygov.az içərisində www.eagro.az portalı formalaşdırılıb və portalda 449 min 259 fermer qeydiyyatdan keçib. Əkinçiliklə məşğul olan fermerlərin torpaq sənədləri və payızlıq əkinləri barədə məlumat Kənd Təsərrüfatı Nazirliyinin intensiv təlimlər keçmiş əməkdaşlarının dəstəyi ilə sistemə daxil edilib. Hazırda bu məlumatların monitorinqi aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra mərhələli olaraq subsidiyalar fermerlərin kartlarına köçürüləcək.