REGİONLAR
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9 faiz ucuzlaşıb
Bakı, 12 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4 faiz ucuzlaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 0,8 və 0,1 faiz ucuzlaşıb. Ay ərzində bitkiçilik məhsullarından lobyanın, kələmin, xiyarın, badımcanın, pomidorun, kartofun, alçanın və gilasın istehsalçı qiymətlərində ucuzlaşma, çiyələyin istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyunda heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.