REGİONLAR
Kənd təsərrüfatı məhsullarının milli standartlarının yaradılması ilə bağlı ilkin müzakirə aparılıb
Bakı, 13 fevral, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə elmi tədqiqat institutları rəhbərlərinin Azərbaycan Standartlaşdırma İnstitutu ilə işgüzar görüşü keçirilib. Görüşdə Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutlarının direktorları iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasının, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaq üçün milli standartların müəyyən olunmasının vacib addımlardan biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu standartlar ölkədə istehsal edilən məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılmasını, beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılmasını, daxili və xarici bazarda rəqabətə davamlılığın artırılmasını, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks olunmasını təmin edir.
Qarşılıqlı müzakirədə vurğulanıb ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların yaradılması Strateji Yol xəritələrində mühüm vəzifə kimi qarşıya qoyulub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev taxıl məhsullarının, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova dərman preparatlarının, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov şərab məhsullarının, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə tərəvəz məhsullarının standartlarının yaradılması ilə bağlı fikirlərini bildiriblər.
Müzakirənin sonunda milli standartların hazırlanması ilə bağlı Texniki Komitənin təsis olunması, eləcə də institutlar üzrə alt komitələrin yaradılması qərara alınıb.