İQTİSADİYYAT
Kənd təsərrüfatı naziri: Nümunəvi fermer təsərrüfatları turizm təklifləri etməklə aqroturizmin daha da canlanmasına töhfə verirlər VİDEO
Bakı, 17 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC
Karantin tədbirlərinin yumşaldılması ilə ölkəmizə gələn turistlərin sayı çoxalmaqdadır. Turistlər təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, aqroturizm kənd təsərrüfatı və turizm sektorlarının kəsişmə nöqtəsidir, birgə xidmət sahəsidir. Bu, həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroturizmin daha da canlanmasına öz töhfələrini verirlər.
Azərbaycanın səfalı rayonlarına gedərək kənd şəraitində müvəqqəti məskunlaşmaq, orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək - asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur.
“Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və ekosistemə, həmçinin müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. Bir sıra ölkələr aqroturizm sahəsi ilə bağlı böyük təcrübəyə malikdirlər. Həmin ölkələrin təcrübəsini öyrənərək, ən uğurlu modellərin yerlərdə tətbiqi ən mühüm məsələlərdən biridir”, - deyə İnam Kərimov vurğulayıb.
Nazir onu da bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə aqroturizmin inkişafı məqsədilə yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Belə layihələrdən biri də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvininq layihəsidir: “Bu istiqamətdə Avropa İttifaqının göstərdiyi dəstək ümumi işimizə öz töhfəsini verəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə üzrə də respublikanın şimal-qərb regionlarında aqroturizmin inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Hesab edirik ki, kənd yerlərində aqroturizm sektorunun inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıqlar daha da inkişaf etdirilə bilər”.