REGİONLAR


Kənd təsərrüfatı naziri: Son 10 ildə məhsul istehsalçılarına 1,2 milyard manata yaxın subsidiya ödənilib

Bakı, 1 noyabr, AZƏRTAC

Ölkəmizdə aqrar sahədə məhsul istehsalçılarının stimullaşdırılması, onların istehsal xərclərinin azaldılması və gəlir əldə etmək imkanlarının artırılması məqsədilə dövlət tərəfindən böyük həcmdə dəstək tədbirləri göstərilir. Son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1,2 milyard manata yaxın subsidiya ödənilib.

Bunu AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, aqrar sektorun bütün istiqamətləri üzrə təminatının, xüsusilə kənd təsərrüfatı texnikası ilə təchizatın daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri davam etdirilib. “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib.

“Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək”, - deyən İnam Kərimov vurğulayıb ki, bütün xidmətlərin “elektron hökumət” üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.

“Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb”, - deyə kənd təsərrüfatı naziri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.