REGİONLAR


Kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticələrini verməkdədir – mütəxəssis rəyi

Bakı, 1 may, AZƏRTAC

Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticələrini verməkdir. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub.

Bu ilin ilk üç ayının nəticələrinə də diqqət yetirək. Aqrar sahədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sahədə aparılan islahatlar barədə danışarkən deyib: “Bu sahə daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə AZƏRTAC-a açıqlamasında aqrar islahatların əsas istiqamətlərini qısa şəkildə xarakterizə edərkən deyib:

- Bu istiqamətlərdən biri idarəetmə sistemində çevikliyin və səmərəliliyin artırılmasıdır. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyinin rayon bölmələri inzibati strukturdan xidmət qurumları olan Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) çevriliblər. DAİM-lərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq fermerlərə 70-ə yaxın xidmət göstərilir. Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb, aqrar sahədə 11 assosiasiya yaradılıb. Dövlət dəstəyinin fermerlər üçün daha əlçatan olması, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin etmək üçün Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması prioritet vəzifədir.

Digər istiqamət fermerlərin resurs və xidmətlərlə təminatının daha da yaxşılaşdırılmasıdır. Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahatlar nəticəsində texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunub. Bununla lizinq bazarında azad və ədalətli rəqabət mühiti formalaşıb, bu isə həm texnikanın, həm də damazlıq heyvanların satış qiymətinin əsaslı ucuzlaşmasına səbəb olub. Fermerlərə baytarlıq, fitosanitar, toxumçuluq və texniki nəzarət üzrə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması üçün nazirliyin nəzdində fəaliyyət göstərən 4 qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Ötən il fermerlərə güzəştlə satılan mineral gübrələrin həcmi əvvəlki illə müqayisədə 72,3 faiz, pestisidlərin həcmi isə 4,5 dəfə artıb. “Aqrolizinq” ASC tərəfindən 6046 ədəd müasir texnika, o cümlədən 108 ədəd pambıqyığan və 250 ədəd taxılyığan kombayn alınıb. Artıq bu ildən fermerlər texnikanı “Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt və 5 il faizsiz kredit tətbiq edilməklə özlərinin seçdikləri istənilən şirkətdən əldə edə biləcəklər. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və xaricdən yüksək genetik potensiala malik heyvanların gətirilməsi tədbirləri də davam etdirilir. Keçən ildən yerli təsərrüfatlardan cins heyvanların alınması mexanizminin tətbiqinə başlanılıb. 2018-ci ildə süni mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 22,4 min baş və ya 48,1 faiz artıb. Texnikalarda olduğu kimi, fermerlər damazlıq heyvanları da bu ildən “Aqrolizinq” ASC-dən deyil, 60 faiz güzəşt və 3 il faizsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən əldə edə biləcəklər.

Fermerlərin yeniliklərə əlçatanlığının təmin edilməsi üzrə xüsusi təlim strategiyası hazırlanıb, bunun əsasında yerlərdə fermerlərə ardıcıl olaraq peşəkar təlimlər və məlumatlandırma tədbirləri keçirilir. Aqrar sahədə sığorta xidmətləri sisteminin formalaşdırılması üçün artıq hüquqi bazanın və müvafiq institusional mexanizmin yaradılmasına başlanılıb.

Üçüncü istiqamət isə yerli istehsal potensialının daha da gücləndirilməsidir. Hazırda müvafiq xidmətlər və təchizat üzrə bazanın daha da gücləndirilməsi hesabına taxıl və pambıq istehsalı üzrə məhsuldarlığın yüksəldilməsi və istehsal həcminin artırılması üçün zəruri tədbirlər görülür. Həmçinin yeni meyvə bağlarının salınması, o cümlədən fındıq, badam, qoz və zeytun bağlarının genişləndirilməsi prioritet vəzifələrdəndir. Heyvandarlıq sahəsində istehsal potensialının gücləndirilməsinin əsas vasitəsi kimi intensiv ferma modelinin genişləndirilməsi də bu sahə üzrə dövlət siyasətinin əsas istiqamətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.