İQTİSADİYYAT
Kənd təsərrüfatı sahəsində standartlara və sertifikatlaşdırmaya dair seminar təşkil olunacaq
Bakı, 1 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “SGS Azeri” MMC-nin təşkilatçılığı ilə sahibkarlar üçün “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə əkinçilik standartları və sertifikatlaşdırma prosesi” mövzusunda seminar keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, innovativ metodların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinə nail olmaq üçün beynəlxalq norma və tələblər barədə sahibkarların maarifləndirilməsidir.
Tədbirdə müvafiq sahədə təcrübəli yerli və xarici mütəxəssislər tərəfindən toxumçuluğun inkişafı, əkin prosesinin optimallaşdırılması, nəzarət tədbirlərinin keyfiyyətinin yüksəldilməsi, risklərin effektiv idarə edilməsi, beynəlxalq standartlar olan (Global Gap, Bio/Orqanik, ISO) üzrə sertifikatlaşdırma prosesi barədə ətraflı məlumat veriləcək.
Seminar martın 6-da, saat 09:00-dan 13:00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) keçiriləcək. Tədbirdə iştirak üçün ödəniş nəzərdə tutulmur. Seminarda iştirak etmək istəyən sahibkarlar qeydiyyat üçün (055) 792-24-26, “[email protected]” və (050) 286-01-60, “[email protected]” ünvanlarına müraciət edə bilərlər.