ELM VƏ TƏHSİL
“Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi uğurla reallaşdırılır
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Bakıda BP şirkətinin Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi nəticələrinin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə BP-nin Bakı ofisi mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı layihə barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2016-cı ilin sentyabrından başlanan layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək verməkdir. “British Council” təşkilatı tərəfindən yerinə yetirilən bu layihə nəticəsində müxtəlif sahələr üzrə 12 təlim modulu üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar universitetindən və ayrı-ayrı peşə məktəblərindən olan 40 yerli ekspert və təlimçi modulların hazırlanması və modullu tədris metodları üzrə təlim alıb.
Vurğulanıb ki, BP və tərəfdaşları tərəfindən müvafiq sahələr üzrə daha yeddi modul üçün dərsliklərin, tədris materialları və təlim metodologiyasının hazırlanması nəzərdə tutulur. Layihənin bu mərhələsi 2018-ci ilin iyununda tamamlanacaq.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin təhsil sahəsinə xüsusi önəm verdiyini bildirib.
Cəmiyyətdə təhsilin mühüm rolunu qeyd edən nazir müavini ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
C.Bayramov BP şirkətinin həyata keçirdiyi layihələrin, o cümlədən “Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts ölkəsi ilə Azərbaycan arasında təhsil əlaqələrindən bəhs edib və bu əlaqələrin təhsilə töhfə verdiyini deyib.
Səfir təqdim edilən layihənin səmərəli olacağına əminliyini bildirib.
BP Azərbaycan şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb.
B.Aslanbəyli layihə nəticəsində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texnikası sahələri üzrə 12 təlim modulu üçün hazırlanmış dərsliklərin, tədris materiallarının və təlim metodologiyasının təhsil sahəsinə dəyərli töhfə olduğunu diqqətə çatdırıb.
Böyük Britaniyanın “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər çıxış edənlər də layihənin uğurla reallaşdırıldığını vurğulayıblar.