ELM VƏ TƏHSİL
Kənd təsərrüfatı üzrə peşə təhsilinə həsr edilən layihənin təqdimatı olub
Bakı, 22 sentyabr, Maqsud Dadaşov, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycanın Təhsil Nazirliyi və BP şirkəti arasında mövcud tərəfdaşlıq çərçivəsində ölkəmizdə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması ilə bağlı layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, layihənin reallaşması ilə kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılacağı, müvafiq sektorda səmərəliliyin artırılması istiqamətində görülən işlərə töhfə veriləcəyi gözlənilir. Layihə “British Council” təşkilatı tərəfindən bir il ərzində icra olunacaq. Yeni yaradılmış peşə və ixtisas bölmələri bağçılıq, bitkiçilik, kənd təsərrüfatı texnikası kimi sahələri əhatə edəcək.
Tədbirdə BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel təmsil etdiyi qurumun icmalar üçün nəzərdə tutulan bu təhsil layihəsinə qoşulmasından məmnunluğunu bildirib. O, layihənin peşə məktəblərinin məzunları üçün məşğulluq imkanlarının artırılması istiqamətində göstərilən səylərə dəstək verəcəyinə və yerli əmək bazarında kənd təsərrüfatı sahəsində ixtisaslaşmış kadrlara olan tələbatın ödənilməsinə kömək göstərəcəyinə inamını ifadə edib. Q.Birrel deyib: “Biz bu pilot layihədən yüksək nəticə gözləyirik. İnanırıq ki, bu təşəbbüs ölkədə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni metodologiyanın, ixtisas bölmələrinin və tendensiyaların yaradılması prosesini gücləndirəcək”.
Layihənin əhəmiyyətindən danışan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, yeni başlayacaq layihə ölkəmizdə peşə təhsilinə olan marağı artıracaq və nazirlik ilə BP arasında əməkdaşlığı daha da gücləndirəcək.
Nazir diqqətə çatdırıb ki, iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsi və müasir iqtisadi çağırışlara çevik reaksiya verə biləcək peşə-ixtisas təhsili sisteminin formalaşdırılması Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. Ölkəmizdə peşə təhsilinin inkişafına dövlətimizin başçısının daim göstərdiyi diqqət nəticəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Qurumun yaradılmasının məqsədi ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli, ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts və “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Elizabet Vayt qeyd ediblər ki, layihə çərçivəsində BP və onun tərəfdaşları bu ölkədə kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirmək öhdəliyini üzərinə götürür. Həmçinin Azərbaycanda kənd təsərrüfatı üzrə bir sıra yeni peşə və ixtisaslar üçün müasir tədris materiallarının, dərsliklərinin və təlim metodologiyasının hazırlanması nəzərdə tutulur.