CƏMİYYƏT
Kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni texnologiyalardan istifadəyə dair müzakirələr aparılıb
Bakı, 17 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında “Kənd təsərrüfatında iqlim baxımından Ağıllı texnologiyalar: Türkiyə təcrübəsi” mövzusunda onlayn seminar keçirilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, seminarda Torpaq Qoruma və Ərazi Dəyərləndirmə İdarəsinin rəisi Mustafa Gezici bu sahədə görülmüş işlər haqqında təqdimatla çıxış edib. Həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni texnologiyalardan istifadə sahəsində təcrübə mübadiləsinin və istehsalın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Eyni zamanda, görüşün sonunda Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən iki qardaş dövlət arasında “Ağıllı Kənd” təsərrüfatı texnologiyaları sahəsində birgə əməkdaşlığın inkişafı və bu kimi görüşlərin silsilə formasında davam etdirilməsi təklif olunub. Qeyd olunan istiqamətdə gələcəkdə də nazirliklərarası tədbirlərin keçirilməsi barədə razılıq əldə edilib.