REGİONLAR


Kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə dair müzakirələr aparılıb

Bakı, 11 oktyabr, AZƏRTAC 

Oktyabrın 11-də Masallıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunan zona müşavirəsi keçirilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov kənd təsərrüfatında aparılan islahatların əhəmiyyətindən danışaraq əldə olunmuş müsbət nəticələr barədə məlumat verib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişaf etdiyini, eləcə də cari ilin birinci yarısında ümumi iqtisadi artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,2 faiz təşkil etdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edilib ki, kənd təsərrüfatında artım 13 faiz, bitkiçilikdə isə 25 faiz olub. Sosial sahədə 4 milyondan çox insanı əhatə edən inqilabi xarakterli layihə reallaşdırılıb. Minimum əməkhaqqı il ərzində 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Sosial müavinətlərın həcmi də təxminən 2 dəfə artırılıb. Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində Azərbaycan 141 ölkə arasında 11 pillə irəliləyərək 58-ci yeri tutub.

Daha sonra nazir müavini kənd təsərrüfatının daha böyük potensiala malik olduğunu, həmin potensialdan daha səmərəli şəkildə istifadə olunmasının əhəmiyyətini qeyd edərək bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblərə, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlərə toxunub.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir. Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir.

S.Ələkbərov vurğulayıb ki, avqustdan etibarən bütün ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə başlanılıb və ötən müddət ərzində 25 minədək şəxsin vergi uçotuna alınması təmin edilib.

Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət barədə təqdimatla çıxış edib.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə respublikanın cənub bölgəsində yerləşən rayonların icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.