REGİONLAR


Kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması inkişaf üçün vacib amillərindəndir VİDEO

Xaçmaz, 2 avqust, Elxan Yusifli, AZƏRTAC 

Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaradırlar ki, bu da yolverilməzdir. Bu sahədə uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş deyil. Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən amillərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 2-də Xaçmazda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunan görüşdə bildirilib.

Tədbirdə Vergilər Nazirliyinin, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının icra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, həmin rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 3 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev kənd təsərrüfatında aparılan uğurlu islahatların müsbət nəticələri barədə məlumat verib, bütün sahələrdə olduğu kimi, burada da uçotun düzgün aparılmasının çox vacib olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlət başçısı iki gün əvvəl keçirdiyi iclasda cari ilin 6 ayı ərzində bu sahədə rekord göstəricilər əldə edilməsindən, kənd təsərrüfatında 13 faiz artıma nail olunmasından, bu sahəyə qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticələrini verməsindən, gələcək illərdə də kənd təsərrüfatının dayanıqlı inkişafının həm məşğulluğun, həm də kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına xidmət göstərəcəyindən məmnunluqla danışıb.

Sahib Ələkbərov uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib. Bildirilib ki, əsas məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir. Çünki real vəziyyəti bilmədən və düzgün dəyərləndirmədən real hədəflərin müəyyən olunmasında və həmin hədəflərə çatmaqda ciddi problemlər ortaya çıxır.

Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin baş direktoru Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət və görüləcək işlər barədə layihəni görüş iştirakçılarına təqdim edib. Ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birlikdə görəcəyi işlərlə bağlı hazırlanmış xəritə barədə görüş iştirakçıları məlumatlandırılıb.

Tədbirdə Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsinin direktoru Sarxan Məmmədov, Azərbaycan Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov da çıxış ediblər.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.