İQTİSADİYYAT


“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib

Bakı, 13 iyul, AZƏRTAC 

Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən şəhərə” layihəsi çərçivəsində eyniadlı daha bir satış mərkəzi Əhmədli qəsəbəsinin Məhəmməd Hadi küçəsi 23/24 ünvanında vətəndaşların istifadəsinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, açılış mərasiminə qatılan qonaqlar, fermer assosiasiyalarının nümayəndələri və yerli qida istehsalçıları paytaxtın daha bir ərazisində “Kənddən şəhərə” satış mərkəzinin istifadəyə verilməsini yüksək qiymətləndirib, paytaxtın bu bölgəsində yaşayan insanların təmiz, keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətini qeyd ediblər.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova “Kənddən şəhərə” layihəsinə qoşulduqları üçün yerli fermer və qida istehsalçılarına minnətdarlığını bildirib: “Kənddən şəhərə” artıq bir brendə, markaya çevrilib. Layihə çərçivəsində istifadəyə verilən ilk satış mərkəzimiz Səbail rayonunda Nizami küçəsi, 154B ünvanında fəaliyyət göstərir. Burada vətəndaşlarımız ekoloji təmiz, təbii, keyfiyyətli kənd təsərrüfatı və yerli qida istehsalçılarının məhsullarını əldə edə bilirlər. Eyni keyfiyyətdə məhsulları bu ərazidə yaşayan vətəndaşlarımızın daha rahat əldə edə bilməsi üçün “Kənddən şəhərə”nin Əhmədli filialını istifadəyə verdik. Düşünürəm ki, ilin sonunadək paytaxtın daha bir neçə ərazisində yeni satış mərkəzləri açılacaq və bu mərkəzlər paytaxtın daha çox əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını qarşılayacaq. Bütövlükdə “Kənddən şəhərə” satış mərkəzlərinin istifadəyə verilməsi Strateji Yol Xəritəsindən irəli gələn tələblərə xidmət edir”.

Qeyd olunub ki, “Kənddən şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa, fermerlərin yetişdirdiyi məhsulların “Kənddən şəhərə” adı ilə qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlar həm “Kənddən şəhərə” satış mərkəzlərindən, həm də müxtəlif market şəbəkələrindən əldə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.