REGİONLAR
“Kəndlərdə mədəniyyət günləri” layihəsi Xaçmazın Qalağan kəndində təqdim olunub
Xaçmaz, 31iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində növbəti tədbir Xaçmaz rayonunun Qalağan kəndində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Tarixi dəyişən böyük Qələbə” mövzusunda keçirilən mədəniyyət tədbiri Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi və Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə reallaşıb.
İştirakçılar öncə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi, rəsm və əl işləri, yerli mətbəx nümunələrindən ibarət sərgilərlə tanış oldular.
Daha sonra Qalağan kənd folklor kollektivi çıxış edib.
Tədbirdə mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd ağsaqqalları, ziyalılar, yerli yazarlar və kənd sakinləri iştirak edib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirib ki, belə tədbirlərin keçirilməsinə məqsəd gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir. 44 günlük Vətən müharibəsində Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdi.
“Biz bu gözəl günlərə görə başda Ali Baş Komandanımız olmaqla şəhidlərimizə, qazilərimizə, Ordumuza borcluyuq. Layihəmiz qarşıdakı günlərdə də davam edəcək. Bu kimi tədbirlər kəndlərdə mədəni abı-havanın yüksəlməsində, insanların asudə vaxtının səmərəli təşkilində, kəndlərin adət-ənənələrinin, mətbəxinin yaşadılmasında böyük rol oynayır”, - deyə Vüsal Hüseynov söyləyib.
Tədbirin bədii hissəsində müxtəlif kompozisiyalar nümayiş etdirilib, gənc ifaçıların vətənpərvərlik mövzusunda çıxışları dinlənilib.
Sonda Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən bir qrup fəal gəncə fəxri fərmanlar təqdim edilib.