REGİONLAR
“Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində tarixi Zəfərimiz təbliğ olunur VİDEO
Xaçmaz, 14 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Xaçmaz rayonunun Niyazabad kəndi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Sənə zəfər yaraşır, Azərbaycan! mövzusunu əhatə edən tədbir çərçivəsində əvvəlcə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi, rəsm və əl işləri, yerli mətbəx nümunələri nümayiş etdirilib. İştirakçılar Niyazabad kənd Folklor Evinin “Tat” folklor kollektivinin çıxışını maraqla izləyiblər.
Niyazabad kəndində keçirilən tədbirdə incəsənət adamları, bədii kollektivlərlə yanaşı, 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri də iştirak ediblər.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov layihə çərçivəsində analoji tədbirlərin bölgənin digər rayonlarında da təşkil ediləcəyini vurğulayıb. Bildirilib ki, belə tədbirlərin keçirilməsinin əsas məqsədi gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaq, bölgədə yaşayıb-yaradan sənət adamlarının tarixi Zəfərimizlə bağlı hazırladıqları incəsənət nümunələrini nümayiş etdirməkdir.
Çıxışlarda şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığı qeyd edilib.
Bildirilib ki, tarixi Qələbəmizin böyüməkdə olan nəsil tərəfindən öyrənilməsində incəsənət əsərləri mühüm rol oynayır.
Tədbirdə “Gətirin bayrağı” kompozisiyası və Xaçmaz Xalq teatrının Nizami Gəncəvi ilinə həsr etdiyi təqdimatı maraqla qarşılanıb. Daha sonra gənc ifaçılar Elvin Ağəliyev, Ramin Hüseynov və Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin tar müəllimi Afiq Fətəliyev vətənpərvərlik mövzusunda mahnılarla çıxış ediblər.
Mədəniyyət tədbiri güc pəhləvanı Xəlilulla Süleymanovun maraqlı çıxışları ilə başa çatıb.