REGİONLAR
Kəndlərdə müasir məktəb binalarının tikintisi təhsilə göstərilən yüksək qayğının göstəricisidir
Ağcabədi, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızda təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Paytaxt və rayon mərkəzləri ilə yanaşı, ucqar kəndlərdə də müasir məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir edilməsi və ya yenidən qurulması təhsilə göstərilən diqqət və qayğının göstəricisidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağcabədi rayon Salmanbəyli kənd tam orta məktəbinin direktoru Gülbikə Məmmədova deyib. G.Məmmədova bildirib ki, Salmanbəyli kənd tam orta məktəbi 1966-cı ildə inşa edilmiş binada fəaliyyət göstərib. Qəzalı vəziyyətində olan məktəb binasında tədris üçün şərait yox idi. “Bilik günü" ərəfəsində yeni məktəb binasının istifadəyə verilməsi dövlətimiz tərəfindən kənd sakinlərinə ən böyük hədiyyədir. Hər cür şəraiti olan belə bir məktəbin inşa edilməsi müəllim, şagird və valideynlərin böyük sevincinə səbəb olub. 432 şagird yerlik ikimərtəbəli yeni məktəb binasında sinif otaqları və fənn kabinetləri ilə yanaşı, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Binalarda müasir istilik və müşahidə sistemləri quraşdırılıb. Məktəblərin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, transformator qoyulub, qazanxana, nasosxana, içməli və çirkab su anbarları inşa edilib, idman meydançası yaradılıb.
"Məktəbdə 452 nəfər şagirdin təlim-tərbiyəsi ilə 76 nəfər müəllim məşğul olur. Şagirdlərimizin təhsilə, oxumağa həvəsləri böyükdür. Bu il məktəbimizin məzunlarından 17 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Məktəb üçün yeni binanın inşa edilməsi şagirdlərin təhsilə olan həvəslərini daha da artırıb. Biz müəllimlər də çalışacağıq ki, öz işimizlə dövlətimizin qayğısına layiqincə cavab verək, şagirdlərin, yetişdirdiyimiz gənc nəslin xalqımız üçün yararlı vətəndaş kimi böyümələrinə nail olaq", - deyə direktor qeyd edib.