REGİONLAR


Kəndli çəkdiyi zəhmətin bəhrəsini görür – Göyçayda taxıl biçinindən reportaj VİDEO

Göyçay, 22 iyun, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda taxıl biçininə start verilib. Bölgədə mühüm strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılması üçün hüquqi və fiziki şəxslərə məxsus 46 kombayn biçin prosesinə cəlb edilib.

AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə daha tez yetişən arpa sahələri biçilir. Hələlik hər hektardan orta hesabla 35 sentner arpa götürülür. Bu da taxılçıları qane edir.

Göyçayın Qaraxıdır kənd sakini Eyvaz Səmədov rayonda taxılçılıqla məşğul olan fermerlərdən biridir. Payız mövsümündə kənd ərazisində əkdiyi taxıl sahəsindən bol məhsul götürən Eyvaz kişi deyir ki, bu il əkin sahəsində məhsuldarlıq ötənilkindən yüksəkdir. Fermerin sözlərinə görə, onun əkin sahəsi şoran torpaqlar olsa da, düzgün aqrotexniki qulluq sayəsində bir hektar arpa sahəsindən 50 sentner məhsul götürür.

“Biz fermerlərin, kəndlilərin sahələrdən bol məhsul götürməyimizdə dövlətimizin də xüsusi rolu var. Biz zəhmət çəkirik, dövlətimiz dəstək olur, Allah da ruzimizi verir. Əgər dövlətin bu sahəyə diqqəti olmasa, biz də bol məhsul götürə bilmərik. Dövlət mənə hər hektara görə buğdaya, arpaya ayrı-ayrılıqda subsidiya verir, yanacağa əlavə güzəşt edilib, gübrələrin alınmasında, kənd təsərrüfatı texnikalarının əldə olunmasında kömək göstərilib. Bunların sayəsində biz kəndlilər rahatlıqla əkin-biçin edir, güzəranımızı yaxşılaşdırmağa çalışırıq”, - deyə Eyvaz Səmədov bildirir.

Göyçayın Şahsoltanlı kənd sakini Cümşüd Məhiyev də bu il taxil sahəsindən yüksək məhsul əldə edib. Onun sözlərinə görə, taxılın itkisiz, vaxtında biçilməsində yeni kombaynların rolu az deyil: ““Ötən illərlə müqayisədə bu il kəndlərdə müasir kombaynların çox olması, eləcə də havaların əlverişli keçməsi taxıl biçininin tez yekunlaşmasına səbəb olacaq”.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Famil Nəbiyevin sözlərinə görə, payız mövsümündə rayon üzrə 12342 hektar ərazidə taxıl əkini aparılıb. Bu ərazilərin 8300 hektarı suvarılan, 4142 hektarı dəmyə torpaqların payına düşür. Ümumilikdə rayonun müxtəlif kəndlərində 6200 hektar sahədə buğda, 6142 hektar sahədə arpa əkilib. Biçin başlayandan bu günə qədər rayon ərazisində 5466 hektar arpa biçilərək, 19131 ton məhsul əldə olunub. Eyni zamanda, 2390 hektar sahədə biçilən buğda zəmisindən 8843 ton məhsul tədarük edilib.

Hazırda rayonun bütün ərazilərində, xüsusilə Yeniarx, İnçə, Alpout, Çaxırlı, Şəkər, Qaraməryəm, Yekəxana, Qarayazı və bir sıra digər kəndlərində biçin işləri davam edir.

Xatırladaq ki, Göyçayda əhalinin əsas gəlir sahələrindən olan taxılçılıqdan başqa, istixanalardan, nar və xurma bağlarından, eləcə də digər əkin növlərindən xeyli gəlir əldə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.