REGİONLAR


Kəngərli rayon mərkəzi stadionu yenidən təmir olunaraq gənclərin ixtiyarına verilib

Kəngərli, 26 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarının icrası nəticəsində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli rayonunda daha bir idman obyekti – rayon mərkəzi stadionu yenidən qurularaq gənclərin istifadəsinə verilib.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, stadionun açılış mərasimində çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, bu gün muxtar respublikada bütün sahələrdə olduğu kimi, idmana da diqqət və qayğı göstərilir. Doğma diyarımızın şəhər və rayonlarında, kəndlərində yeni idman obyektləri, stadionlar tikilərək gənclərimizin ixtiyarına verilir. Bu, idmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Kəngərli rayon mərkəzi stadionunun da yenidən bərpası rayonda uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayacaq. Eyni zamanda, yenidən təmir olunan stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, muxtar respublikada uğurlu idman siyasəti nəticəsində mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir, bu sahənin inkişafına davamlı qayğı göstərilir. Naxçıvanda yaradılan müasir idman infrastrukturu burada beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Bu gün idmançılar üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına zəmin yaradır. Mövcud infrastruktur, eyni zamanda, uşaq və yeniyetmələrin, gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də idman obyektlərinin tikilməsi, mövcud obyektlərin yenidən qurulması artıq ənənə halını alıb. Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı olduğu bu ildə Kəngərli rayonunda yeni təmir edilən stadion gənclərdə idmana marağı daha da artıracaq və onlar gələcəkdə futbol bacarıqlarını böyük arenalarda nümayiş etdirəcəklər.

Muxtar respublikanın şəhər və rayonlarında, kəndlərində idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirildiyini bildirən Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev qeyd edib ki, idman sahəsində qazanılan uğurlar sağlam gənc nəslin yetişdirilməsi ilə nəticələnib. Şübhəsiz ki, bu nailiyyətlərin arxasında uğurla həyata keçirilən idman siyasəti dayanır.

“Muxtar respublikanın kəndlərində idmanın, xüsusilə futbolun inkişafı üçün əlverişli şəraitin olması, eyni zamanda, yeni stadionların yaradılması gənclərin idmana marağını artırır” – deyən Səbuhi Şahverdiyev vurğulayıb ki, Kəngərli rayonunda istifadəyə verilən yeni stadionda oyunların keçirilməsi üçün hər bir şərait var. Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün stadionun ətrafında basketbol və voleybol meydançası, idman qurğuları quraşdırılıb.

Çıxışlardan sonra gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə rayon birinciliyinin ilk oyunu keçirilib. Qıvraq qəsəbə və Böyükdüz kənd komandaları meydana çıxıblar. Görüş Qıvraq qəsəbəsi komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, stadionun suvarma sistemi yenidən bərpa olunub, 200 ədəd oturacaq quraşdırılıb, tamaşaçılar üçün nəzərdə tutulan sahədə kilid daşları yenidən döşənilib, stadionun ətrafında olan ad göstəriciləri yenilənib. Stadionda mövcud olan sadətipli idman qurğuları, basketbol və voleybol üçün nəzərdə tutulmuş meydançalar təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.