REGİONLAR
Kəngərli rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 111 boş iş yeri təqdim olunub
Kəngərli, 13 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Kəngərli rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 9 dövlət, 7 özəl sektor olmaqla, ümumilikdə 16 müəssisədən 111 boş iş yeri təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əmək yarmarkasında 33 nəfər sözügedən vakansiyalar üzrə işə göndərilib, 2 nəfərin peşə hazırlığı kurslarına, 6 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası Sədərək rayonunda təşkil ediləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Bu istiqamətdə aparılan tədbirlərin davamı olaraq muxtar respublikada əmək yarmarkaları keçirilir.