REGİONLAR
Kəngərli rayonunda sığorta fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb
Kəngərli, 17 avqust, AZƏRTAC
Kəngərli rayonu üzrə cari ilin 7 ayında 2792 ədəd sığorta müqaviləsi qeydə alınıb. Onlardan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 528, daşınmaz əmlakın icbari sığortası üzrə 1159 ədəd sığorta müqaviləsi bağlanılıb. Könüllü sığorta müqavilələri isə 1093 ədəd təşkil edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbirdə çıxış edərək Kəngərlidə sığorta fəaliyyətinin təşkili sahəsində görülmüş işlərdən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, sığorta müasir dövrdə hər bir insan üçün vacib tələbatlardan birinə çevrilib. Muxtar respublikanın sosial-iqtisadi inkişafında əhəmiyyətli olan sığorta gözlənilməz hadisələr baş verdikdə vətəndaşlara dəyən maddi zərərlərə təminat verir.
Hikmət Əsgərov deyib: “Vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat verilir, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaradılır. Buna görə də ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir. Gözlənilməz hadisələr baş verdikdə vətəndaşların onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüquqları qanunla təmin olunur”.
Baş direktor həyata keçirilən sığorta növləri üzrə Kəngərlidə görülmüş işləri təhlil edərək bildirib ki, ötən müddətdə burada bu istiqamətdə müəyyən işlər görülüb. “Ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin olunmalıdır” – deyən Hikmət Əsgərov bu məqsədlə Kəngərli rayonunda vətəndaşlar arasında sığorta maarifləndirilməsinə diqqətin daha da artırılmasının və ayrı-ayrı sığorta növləri üzrə işlərin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Könüllü sığorta növlərinin, o cümlədən kənd təsərrüfatının, ev əmlakının sığortası, fərdi qəza sığortasının əhəmiyyətinə toxunan baş direktor bildirib ki, bunlar son nəticədə vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də könüllü sığortalar sahəsində aparılan maarifləndirmə və təşkilati işlər genişləndirilməlidir.
Sonra Kəngərli Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Anar Həsənov, Kəngərli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupunun baş dövlət avtomobil müfəttişi, polis mayoru Seyidrza Seyidov görülmüş işlər barəsində məlumat veriblər.