SİYASƏT


Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Kəngərli, 23 oktyabr, AZƏRTAC

Meliorasiya və irriqasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi muxtar respublikada əkinçiliyin inkişafı üçün geniş imkanlar açır. Su təminatı olmayan və uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 23-də Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada şoranlaşma və bataqlaşmanın qarşısının alınması, suvarma şəbəkələrinin genişləndirilməsi və mütərəqqi suvarma metodlarının tətbiqi bol məhsul istehsalı ilə yanaşı, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə də imkan verir. Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Son illər Babək və Culfa rayonlarında 2220, Kəngərli rayonunda isə 717 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Bu gün isə Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilir. Əsgər Əsgərov əkin sahələrinin su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da səylə çalışacaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsinin muxtar respublikanın həyatında əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə istifadəçiləri təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikasının ərazisinin 16 faizi əkinəyararlı torpaqlardır. Əkinəyararlı torpaqların isə 10 faizə yaxını suvarılan ərazilərdir. Ona görə də əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması və yeni suvarma şəbəkələrinin qurulması mühüm əhəmiyyət daşıyır. Artıq muxtar respublikada mütərəqqi suvarma metodları tətbiq olunur, qapalı suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Son 5 ildə muxtar respublikada 3 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurularaq istifadəyə verilmişdir. Hazırda bu ərazilərdən bol məhsul götürülür. Bu gün istifadəyə verilən qapalı suvarma şəbəkəsi hesabına isə 407 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Əkin dövriyyəsinə qatılan yeni torpaq sahələrinin əkilməsi qapalı suvarma şəbəkəsinin qurulmasına sərf olunan vəsaitin 8-10 il müddətində geri qaytarılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq xeyirxah işdir. Eyni zamanda bu, insanlara həyat vermək deməkdir. Çünki bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir.

Ali Məclis Sədri deyib: Mütərəqqi suvarma metodlarının tətbiqi, qapalı suvarma şəbəkələrinin qurulması, nasos stansiyalarının tikilməsi, torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi bu gün qarşıda duran əsas vəzifələrdir. Bu vəzifələrin həyata keçirilməsi üçün Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə lazımi şərait yaradılmış, maddi-texniki baza gücləndirilmişdir. Eyni zamanda muxtar respublikada əkinəyararlı torpaqların atlasının hazırlanması şoranlaşmaya və çəmənləşməyə meylli torpaq sahələrinin müəyyən edilməsinə, meliorativ tədbirlərin həyata keçirilməsinə və drenaj şəbəkələrinin qurulmasına imkan verir.

Ali Məclisin Sədri meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb, qapalı suvarma şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib, onları qiymətli hədiyyələrlə mükafatlandırıb, suvarma şəbəkəsinin baş planı ilə tanış olub.

Məlumat verilib ki, qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılıb. Böyükdüz kəndi ərazisində yerləşən və Araz çayından qidalanan hovuzlardan su öz axını ilə uzunluğu 2 min 700 metr olan magistral boru xətti vasitəsilə qapalı suvarma şəbəkəsinə ötürülür. Ərazidə müxtəlif diametrli borularla 4380 metr uzunluğunda ana xətt çəkilib, deformasiyaların qarşısını almaq məqsədilə ana xəttin üzərində 13 kompensator və 2 siyirtmə quraşdırılıb. Ana xəttin dayanıqlığını artırmaq məqsədilə borunun yeri 40 santimetr qazılaraq çınqıl qatı verilib, birləşmə olan hissələrə 520 ədəd beton dayaq qoyulub, boru yarıya qədər torpaqla doldurulub.

Ərazidə diametri 200 millimetr olan plastik borularla 41 min 680 metr uzunluğunda paylayıcı xətt çəkilib və üzərində 480 suvarma hidrantı, sahəyə suyun verilməsini növbə ilə təmin etmək üçün 91 siyirtmə, xətdəki suyun boşaldılması üçün 93 suboşaldıcı quraşdırılıb. Torpağın yuyulmasının qarşısını almaq məqsədilə hidrantların ətrafına çınqıl qatı verilib, beton hovuzlar qoyulub. Magistral xəttin üzərində diametri 50 millimetr olan 27 ədəd suburaxıcı quraşdırılıb.

Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində layihə işlərinin aparılması və yeni qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki toxumçuluq təsərrüfatının taxıl əkini sahəsinə gəlib, taxıl əkininin gedişi ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat verərək deyib ki, muxtar respublikada bu günə qədər 20 min hektar sahədə şum, 7 min hektar sahədə isə əkin aparılır. Dağlıq ərazilərdə isə 850 hektar sahədə dəmyə taxıl əkilib. “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatı taxıl əkini zamanı toxuma olan tələbatı tam ödəyir. Hazırda toxumçuluq təsərrüfatının qapalı suvarma şəbəkəsi qurulan 530 hektar taxıl sahəsində əkin başa çatdırılıb. Əkin zamanı yüksək reproduksiyalı, muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşmış məhsuldar "Qobustan" toxum sortundan istifadə olunur.

Muxtar respublikada payızlıq şum və əkin aparılması üçün texnikalar da saz vəziyyətə gətirilib, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus və fiziki şəxslərdə olan 99 taxılsəpən sahələrə çıxarılıb, torpaq mülkiyyətçiləri mineral gübrə ilə təmin edilib.

Ali Məclisin Sədri payızlıq taxıl əkininin aqrotexniki qaydalara uyğun aparılmasının vacibliyini vurğulayıb, noyabrın 1-dən etibarən payız suvarma mövsümünə başlanması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi, payız iməcilikləri dövründə Kəngərli rayonunda yeni badam bağlarının salınması barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.