REGİONLAR
Kəngərli rayonunun ictimai həyatında fərqlənən istedadlı gənclər mükafatlandırılıb
Kəngərli, 27 dekabr, AZƏRTAC
Muxtar respublikanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rayonun ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 70-ə yaxın gənc iştirak edib.
Tədbirdə Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Gənclər Birliyinin sədri Süleyman Süleymanov və rayon gəncləri adından Aysel Həsənli çıxış edərək yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, idman sahəsində əldə olunan nailiyyətlərdən danışıb, gəncləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik ediblər.
Sonra tədbir Kəngərli Rayon Mədəniyyət Evinin “Kəngər” Musiqi İnstrumental Ansamblının hazırladığı musiqi nömrələri ilə davam edib.
Sonda gənc fəallar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Oxşar tədbir Ordubad, Culfa və Sədərək rayonlarında da keçirilib.