REGİONLAR


Kəngərli rayonunun təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır

Kəngərli, 19 fevral, AZƏRTAC

Kəngərli Rayon Mədəniyyət Sarayında rayon üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin sanitar-gigiyenik vəziyyəti ilə bağlı keçirilən maarifləndirici tədbirdə mövzu barədə ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Kənan Məmmədov məsələnin əhəmiyyətini qeyd edib, görülən işlər haqqında danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev çıxışında bildirib ki, muxtar respublikada dövlət uşaq siyasətinin inkişaf göstəricilərini məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdən, eləcə də onların maddi-texniki təminatından, müasir tipli infrastrukturlarından real şəkildə müşahidə edə bilərik. Bu müəssisələrin fəaliyyətə başlaması və fəaliyyətinin təmin olunması ilə yanaşı, bu gün onların saxlanılma şəraiti, eləcə də sanitar-gigiyenik normalara əməl olunması əsas şərtlərdəndir.

Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində il ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər keçirilir. Bu baxımdan bu gün keçirilən maarifləndirici seminar həmin müəssisələrdə sanitar-gigiyenik normaların daha da təkmil təmin olunmasını, aparılan işlərin daha da yüksək səviyyədə görülməsi və onların həyata keçirilmə metodlarını aşılamaqdan ibarətdir. Müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşdıqda Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət daşıyırlar.

Muxtar respublikanın Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov muxtar respublikada təhsilin inkişafından danışaraq qeyd edib ki, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda təhsil müəssisələri tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmayıb. Muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, milli-mənəvi irsimizin öyrənilməsi üçün interaktiv əlaqələrin təşkili, nümunəvi dərslərin tədrisi, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. Bütün təhsil müəssisələrində təhsilalanlar Səhiyyə Nazirliyi tərəfindən tibb xidməti ilə təmin ediliblər. Bir sıra ümumtəhsil məktəblərində isə ayrıca tibb işçiləri fəaliyyət göstərirlər. Müvafiq müəssisələrdə tibb xidməti müəssisənin iş rejiminə uyğun şəkildə təşkil edilir. Təhsilalanların profilaktik müayinəsi, profilaktik peyvəndlərin aparılması müəssisə rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik əsasında həyata keçirilir.

Abdulla Əsgərov hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasından, onların müayinə və müalicəsinə göstərilən diqqətdən, dispanserizasiyanın təşkilindən geniş bəhs edib, bütün təhsil müəssisələrində tibbi xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunması üçün səylərin daha da artırılacağını bildirib.

Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin müdiri Elxan Orucəliyev ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində olan sanitar-gigiyenik vəziyyət barədə ətraflı məlumat verərək qeyd edib ki, uşaqların hərəki fəaliyyəti üçün müvafiq şərait yaradılmalı, uşaqlar üçün binada və onun həyətində kifayət qədər sahə olmalıdır. Eyni zamanda, əlverişli istilik-hava şəraiti yaradılmalı, uşaq müəssisələrinin sanitariya abadlığı, ventilyasiya, isitmə və işıqlanmanın gigiyenik cəhətdən düzgün təşkil edilməlidir. Uşaqların daim hərəkətdə olması, otaqlarda kifayət qədər hava mübadiləsinin olmasını tələb edir.

Sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması üçün görüləcək digər tədbirlər barədə də ətraflı məlumat verən Elxan Orucəliyev qeyd edib ki, bütün uşaq müəssisələrinin işçiləri, o cümlədən qida blokunda və ya bufetdə çalışan işçilər vaxtlı-vaxtında tibbi müayinələrdən keçməlidirlər.

Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.