İQTİSADİYYAT
“Kəpəz” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub
Bakı, 29 avqust, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 14-16 faiz, tədavül müddəti 48 aydır. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmələrin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmələr üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.