MƏDƏNİYYƏT
“Kəpəz” TV-nin istehsalı olan “Əlifba yaradan müəllim” sənədli film tezliklə tamaşaçılara təqdim olunacaqdır
Gəncə, 22 avqust (AZƏRTAC). Gəncədə fəaliyyət göstərən “Kəpəz” televiziyasının yaradıcı qrupu “Əlifba yaradan müəllim” sənədli filminin istehsalını başa çatdırmışdır.
Görkəmli pedaqoq Mirzə Abbas Abbaszadənin həyat və yaradıcılığından bəhs edən film Gəncədə və bölgədəki kəndlərdə olan qədim tikililər ətrafında çəkilmişdir. Filmdə görkəmli pedaqoq, folklorşünas, xeyriyyəçi və maarifçi Mirzə Abbas Abbaszadənin xalqımız qarşısındakı xidmətlərindən bəhs edilir. Onun adı yalnız 1991-ci ildən sonra əbədiləşdirilmiş, vaxtilə yaşadığı evin qarşısına barelyefi vurulmuş, 20 nömrəli məktəbə onun adı verilmişdir.
Yeni ekran əsərinin ssenari müəllifi Ayaz Əbülfəzoğlu AZƏRTAC-a demişdir ki, filmin çəkilişində yerli sakinlərinin böyük köməyi olmuşdur. Gəncə Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə çəkilən filmdə görkəmli şəxsiyyətin həyat və yaradıcılığının bir sıra qaranlıq məqamlarına işıq salınmışdır.
Ümumilikdə filmdə 50-dən artıq peşəkar və həvəskar aktyor çəkilmişdir.