REGİONLAR
Keramikaçı Sevinc Yaftumova: Gillə işləyən zaman əhval-ruhiyyəm yaxşılaşır, ruhum dincəlir
Şəki, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bakı şəhər sakini Sevinc Yaftumova dekorativ-tətbiqi sənət sahəsi üzrə fəaliyyət göstərir. Dörd ildir ki, bədii keramika ilə məşğul olan xanım sənətkar bu ilin iyunundan Şəkidə yeni yaradılan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində çalışır.
AZƏRTAC-ın bölgə müxbiri Şəkidə Sevinc Yaftumova ilə görüşüb. Keramikaçı sənətkar bildirib ki, tanınmış rəssam Mir Teymur Məmmədovun tələbəsidir və Şəkiyə müəlliminin dəvəti ilə gəlib.
Keramika sənətinə böyük marağı olduğunu vurğulayan Sevinc Yaftumova deyib: “Keramika çox qədim sənətdir. Arxeoloji qazıntılar zamanı ən çox tapılan nümunələr də elə keramika məhsullarıdır. Keramikaya həmişə çox böyük maraq olub. Hələ uşaq yaşlarında hər birimiz həyətdə palçıqdan müəyyən fiqurlar düzəltməyə çalışırdıq. İşimiz alınmayanda dağıdır, yenidən düzəldirdik. Bu sənətin çox böyük incəlikləri var. Gillə işləyən zaman məndə xüsusi həvəs yaranır, əhval-ruhiyyəm yaxşılaşır, ruhum dincəlir. Fərq etməz, istər kiçikölçülü iş, istərsə də böyükhəcmli kompozisiya olsun. Gili yoğurub iş üçün hazırlayarkən sanki onunla ünsiyyətdə olursan, o, elə bil öz sirlərini sənə açır. Gillə tanışlıqdan sonra artıq rahatca işləyə bilərsən”.
Müsahibimizin sözlərinə görə, gil elə bir sehrli materialdır ki, ondan çox şey düzəltmək olar. Gil sənətkarın əlində istənilən formanı alır, son nəticədə gözəl bir sənət nümunəsinə çevrilir. Sənətkar hazırladığı əşyanın üzərinə öz fantaziyasına, zövqünə uyğun naxışlar vurur.
Sevinc Yaftumova bildirib ki, 2017-ci ilin aprelindən “ABAD”la (“Ailə Biznesinə Asan Dəstək”) əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində hazırda onun əl işləri “ABAD”ın sənətkarlıq mərkəzlərində satılır. Sənətkarın bildirdiyinə görə, Yeni il ərəfəsi olduğu üçün sifarişlər də çoxalıb. Çünki bayram günlərində insanlar doğmalarına, yaxınlarına hədiyyə etməyi xoşlayırlar. Ona görə də hazırda keramikadan hazırlanmış suvenir əşyalara tələbat artıb.