ORDU
Kərim Vəliyev: Azərbaycan Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir
Moskva, 24 aprel, AZƏRTAC
Moskvada VIII beynəlxalq təhlükəsizlik konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.
Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, sülh və təhlükəsizliyə hər zaman töhfə vermiş və bu gün də töhfə verməyə davam edən bir ölkə kimi Azərbaycan beynəlxalq təhlükəsizliyə baxışların formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edən məsələlərin gündəliyə çıxarıldığı VIII Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir. Konfransın aktuallığı ondan ibarətdir ki, burada hər il qlobal və regional təhlükəsizliyin əsas problemləri nəzərdən keçirilir və müzakirə olunur, real və yeni yaranan təhdid və risklərin aradan qaldırılması yolları, istiqamətləri müəyyənləşdirilir, habelə digər vacib məsələlərə dair təcrübə və fikir mübadilələri aparılır.
Forum çərçivəsində keçirilən görüşlər zamanı fikir mübadiləsi apararaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranmış real vəziyyət haqqında məlumatı iştirakçıların nəzərinə çatdırmaq, həmçinin ictimaiyyətin diqqətini Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə əsas təhdid olan bu münaqişəyə qarşı beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ikili standartlara yönəltmək imkanı yaranır”, - deyə general-leytenant K.Vəliyev qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi konfransda dünyada beynəlxalq təhlükəsizlik, silahlara nəzarət sisteminin təkmilləşdirilməsi, Yaxın Şərqdə vəziyyət, hərbi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və digər məsələlər müzakirə olunur.
Rusiya Prezidenti Vladimir Putinin konfrans iştirakçılarına ünvanladığı məktubda deyilir ki, Moskva konfransı ənənəvi olaraq müzakirə edilən məsələlərin geniş spektri və əhəmiyyətli fikir mübadiləsi ilə fərqlənir. Rusiya lideri əmin olduğunu bildirib ki, konfrans terrorizm və ekstremizmlə mübarizədə, regional münaqişələrin həllində, qlobal təhlükəsizliyin təmin edilməsində səylərin birləşdirilməsinə əhəmiyyətli töhfə verəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva