REGİONLAR


“Keşikçidağ” Tarix-Mədəniyyət Qoruğuna çəkilən yeni yol turizmin inkişafına təkan verəcək FOTO VİDEO

Ağstafa, 10 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 38-ci kilometrliyində “Keşikçidağ” Dövlət-Tarix Mədəniyyət Qoruğunun adını əks etdirən məlumat lövhəsi quraşdırılıb. Buradan “Keçikçidağ” dövlət qoruğunun ərazisindəki mağara və məbədlər kompleksinə isə asfalt yol çəkilib. Bu, rayona turist axınının artmasına təkan verəcək.

AZƏRTAC xəbər verir ki, məlumat lövhəsindən sonra 36 kilometr uzunluğunda yeni çəkilən asfalt yol qoruğun dərinliklərinə doğru uzanır. Yolboyu Ceyrançölün əsrarəngiz, özünəməxsus gözəlliyi olan təbiətinə heyranlıqla baxmamaq olmur. Qoruğun adının olduğu lövhənin yol kənarında quraşdılmasında əsas məqsəd avtomobil yolu ilə Gürcüstana gedən turistlərin diqqətini çəkməkdir.

“Yolun çəkilməsi nəticəsində gələcəkdə qoruğa daha çox turist, ziyarətçi gələcək. Qoruğun yaranmasının 15 iliyi ilə əlaqədar bir çox layihələr, tədbirlər həyata keçirilir. Təbii ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti tərəfindən cari ildə də bir çox layihələrin reallaşdırılması planlaşdırılır. Məqsəd ziyarətçilərə “Keşikçidağ” mağaralar kompleksinin daha yaxından tanıdılmasıdır”, – deyə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev bildirib.

Tarixi abidələrlə zəngin, olduqca maraqlı bir məkan olan bu qoruğu bundan sonra ziyarət edənlərin sayı da artacaq. Kurqanlar, ucsuz-bucaqsız Ceyrançöl ərazisindəki tarixi dərələr, mağaralar və məbədlər kompleksini özündə birləşdirən Keşikçidağda bundan sonra daha maraqlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Qoruqdakı yenilikdən biri də odur ki, bu il tədqiqat işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici arxeoloqlar da cəlb ediləcək. Yay məktəbi layihəsi iştirakçılarının gecələr kamp qurub, qoruq ərazisində gecələməsi üçün şərait yaradılacaq. Son vaxtlar ziyarətçilərin də sayı artıb.

Qoruğun əməkdaşı Ülviyyə Qurbanova ilə söhbət zamanı qeyd edib ki, qoruğun unikallığı daş dövründən başlayaraq tarixin bütün dövrlərini özündə ehtiva etməsidir: “Burada ilkin orta əsrlərə aid 70-dək təbii və süni mağara mövcuddur. Bir-birindən 1500 metr aralıda iki alban məbədi, müdafiə məqsədilə tikilmiş 11 metr hündürlüyündə üçmərtəbəli Keşikçiqala turistlərin diqqətini cəlb edir. Qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri restavrasiya edilərək qoruğun fonduna daxil olunur”.

Keşikçidağ ərazisi 15 il öncə qoruq elan edilib. Qoruqda eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərinə aid 100-ə yaxın kurqan, 6 açıq yaşayış düşərgəsi var. Qoruğun ərazisi Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, Gürcüstan ilə sərhəddə yerləşir.

Qoruğun digər əməkdaşı Fazilə Hüseynova isə bildirib ki, yaxın vaxtlarda qoruq ərazisində burada yaşamış ulu əcdadlarımızın əmək alətlərinin eskizlərindən ibarət “Keşikçidağ dünəndən bu günə” adlı layihə icra olunacaq. Layihə çərçivəsində qədim dövrə aid ox ucluqları, çaxmaqdaşı, əmək alətləri, hətta məktəblilər tərəfindən hazırlanacaq kiçik eskizlər də sərgilənəcək.

Bundan başqa, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə çoxsaylı turist səfərlərinin təşkil edilməsi üçün bir sıra layihələr də həyata keçirilir. Ümumiyyətlə, “Keşikçidağ”da inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və inkişafı baxımından önəmli rola malik olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.