İQTİSADİYYAT
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına başlanılıb
Bakı, 27 yanvar, AZƏRTAC
2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, kompleks yenidənqurma və tikinti işlərinə başlanılıb. Məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gedən yeni avtomobil yolunun inşası aparılır.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunun 38-ci kilometrliyindən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.
Hazırda yeni yolboyu yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilir. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü borular quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunur.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb edilib.
Təxminən 6-cı əsrə aid edilən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.