REGİONLAR
Keşikçidağa “Niva”larla yürüş - REPORTAJ VİDEO





















Ağstafa, 27 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Ölkəmizdə yaşı minillikləri əhatə edən çoxlu tarixi abidələr mövcuddur. Öz əzəməti və sirli görünüşü ilə göz oxşayan Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki abidələr də bu sıraya daxildir. “Heydər Əliyev İli” çərçivəsində, həmçinin 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İlham Əliyev adına zirvə”yə “Niva” markalı avtomobillərlə yürüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən abidələrin daha geniş təbliği, qədim tariximizin gənc nəslə çatdırılması, abidələr haqqında təəssüratların yaradılmasını təmin etməkdir.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndərin abidəsi önünə gülqoyma mərasimi ilə başlayan yürüşün iştirakçıları “Niva” markalı avtomobillərlə qoruq ərazisinə yola düşüblər. Ağstafa–Poylu-Gürcüstan yolunun 38-ci kilometrliyində - qoruğa məxsus məlumat lövhəsinin önündə yürüşün birinci mərhələsi tamamlanıb. Sonra yürüşün ikinci mərhələsinə start verilib və sürücülər bu dəfə qoruğa məxsus informasiya mərkəzində dayanıblar. Bələdçilər tərəfindən iştirakçılara kurqanlar haqqında məlumat verilib. Qonaqlar burada 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinə salınmış “Badam bağı” ilə tanış olublar.
Dilbaz atına minən çaparlar avtomobillərin önündə dayanaraq qonaqları salamlayıblar. Prezident İlham Əliyevin şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə”yə çatan qonaqlar milli musiqi sədaları altında qarşılanıblar. Onlar qoruqda yerləşən abidələrdən bəhs edən çap məhsullarından ibarət sərgiyə baxıblar.
Daha sonra yürüş iştirakçıları qoruq ərazisində yerləşən mağaralarla, onların divar və tavanlarında əks olunmuş freskalarla, su quyuları, ərzaq anbarları və digər abidələrlə tanış olublar.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Sonda ağacəkmə aksiyası keçirilib, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkilib.