CƏMİYYƏT
Kəskin hallar istisna olmaqla müraciətlərin təcili yardıma deyil, poliklinikalara edilməsi vəziyyətin dəyişməsinə səbəb olub
Bakı, 10 iyul, AZƏRTAC
Təxminən iki həftə əvvəl Təcili Yardım Xidmətinin üzərinə düşən yükün azaldılması və onun optimallaşdırılması üçün COVID-19 infeksiyasına yoluxmuş xəstələrin ev şəraitində müşahidəsi, yüngül əlamətləri olanların isə müalicəsi ilə əlaqədar məsələ müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.
Aparat rəhbəri bildirib ki, hazırda bu işin təkmilləşdirilməsi üçün Bakı şəhərində 87 poliklinika əsasında 39 xüsusi məntəqə yaradılıb və həmin məntəqələrə gün ərzində 700-800 müraciət daxil olur: “Əvvəllər həmin müraciətlərin çoxu Təcili Tibbi Yardıma ünvanlandığına görə xeyli sıxlıq yaranırdı. İndi kəskin hallar istisna olmaqla müraciətlərin təcili yardıma deyil, poliklinikalara edilməsi bu sahədə vəziyyətin dəyişməsinə səbəb olub. Güman edirəm ki, müəyyən vaxtdan sonra təcili yardımın gecikməsi halları ilə üzləşməyəcəyik”.