CƏMİYYƏT
Kəskin hava şəraiti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtda müvəqqəti sığınacaqlar təşkil olunmuşdur VİDEO
Bakı, 31 yanvar (AZƏRTAC). Ölkəmizdə qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil olunmuşlar.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, sığınacaqlar Bakının Nərimanov (Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Nizami (“Xalqlar Dostluğu” metrosunun yaxınlığı, Q.Qarayev küç. 118), Xətai (“Bakı” kinoteatrının qarşısı, Sarayevo küç. 20) və Yasamal (Xiyabani küç. 211) rayonlarında yerləşir.
Sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, üç dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.
Səyyar sığınacaqlara ehtiyacı olanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 –Qaynar xətti ilə əlaqə saxlaya bilərlər.