DÜNYA


Kəskin hava şəraitinə görə Alp dağlarında həlak olanların sayı səkkiz nəfərə çatıb

Vyana, 10 yanvar, AZƏRTAC

Almaniyanın cənub və Avstriyanın Alp regionlarında yağan aramsız qar ciddi problem olaraq qalmaqdadır. Avstriyanın Alp regionlarında qar uçqunu ilə bağlı ən yüksək xəbərdarlıq pilləsi elan edilməsinə baxmayaraq, hava şəraitinə məhəl qoymayaraq dağlarda xizək sürən ekstremal idmançılar həm özlərinin, həm də xilasedicilərin həyatlarını riskə atırlar.

AZƏRTAC xəbər verir ki, Avstriyanın Tirol əyalətində Sankt Anton qəsəbəsində icazə verilən zolaqdan kənarda açıq ərazidə xizək sürən 16 yaşlı yeniyetmə qar uçqunu altında qalaraq həlak olub. Ailəsi xilasediciləri məlumatlandırsa da hadisə yerinə çatan xilasedicilər gəncin həyatını qurtara bilməyiblər. Bununla da son günlərdə Avstriyanın dağlıq ərazilərində xəbərdarlığa məhəl qoymayaraq öz səhlənkarlığına görə həyatını itirən şəxslərin sayı səkkiz nəfərə çatıb.

Ölkənin bəzi ərazilərində yağan qarın hündürlüyü 130 santimetrə çatıb. Qarın təmizlənməsinə Avstriya ordusunun əsgərləri də cəlb olunub. Yolların bağlanması səbəbindən Ştiriya və Tirol əyalətlərində bir sıra yaşayış məntəqələrinin xarici aləmlə əlaqələri kəsilib.

Sinoptiklərin verdiyi məlumata görə, yanvarın 11-də ölkənin əksər dağlıq ərazilərində (Forarlberq, Şimali Tirol, Zaltsburq, Yuxarı Ştiriya, Yuxarı və Aşağı Avstriya əyalətlərinin Alp regionları) qar yağması davam edəcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.