REGİONLAR


Kestutis Yankauskas: Sentyabrda Naxçıvanda Avropa günləri keçiriləcək

Naxçıvan, 2 may, AZƏRTAC

Muxtar respublikaya səfərimin məqsədi mayın 1-də peşə təhsili və təlimi seminarında iştirak etmək idi və bu seminar yüksək səviyyədə keçirildi. Burada avropalı və naxçıvanlı mütəxəssislər mövzu ilə bağlı elmi-təcrübi mübadilə apardı, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

“Səfər həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tədbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”, – deyən Kestutis Yankauskas vurğulayıb ki, bu tədbirlər gənclərə, təhsilə və biznesə həsr ediləcək. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələrin inkişaf etdirilməsi məsələləri birgə müzakirə olunacaq.

Kestutis Yankauskas deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtıdır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəaldırlar. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik”.

“Bu, mənim Naxçıvana ikinci səfərimdir. Bu müddət ərzində muxtar respublikanın sürətli inkişafının bir daha şahidi oldum. Naxçıvan Dövlət Universitetindəki elektron avadanlıqlar və virtual tədris mühiti məndə böyük təəssürat oyatdı. Əlbəttə, bu, texnologiyadan faydalanmaq, yeniliklər etmək üçün bir imkandır. Düşünürəm ki, biz burada “Erasmus +” proqramı çərçivəsində əməkdaşlığı daha da artıra bilərik”, - deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.