MƏDƏNİYYƏT


“Khaleej Times” qəzetində Milli Xalça Muzeyinə həsr olunmuş məqalə dərc olunub

Bakı, 24 avqust, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən qədim ingilisdilli nəşri olan “Khaleej Times” qəzetində Azərbaycan Milli Xalça Muzeyinə həsr olunmuş məqalə dərc olunub.

Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, “Sehrli xalçalar diyarı olan Bakı ilə tanışlıq” adlı məqalənin müəllifi jurnalist Şeyx Ayaz yazıda muzeyin yeni binasının gözəlliyi və möhtəşəm memarlığı, eləcə də kolleksiyaların zənginliyi haqqında məlumat verir.

Müəllif yazıda muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “Azərbaycanın elə bir regionu yoxdur ki, orada xalça toxunmasın. Hər regiona onlarla kompozisiya məxsusdur və bu kompozisiyalarda xalqın inanc və istəkləri əks olunur. Kompozisiyalar bir birini təkrarlamır!” sözlərini sitat gətirir.

Həmçinin yazıda Azərbaycan xalçalarının müxtəlif növlərindən bəhs olunur, ölkəmizin xalçaçılıq tarixinə və məşhur “əjdahalı xalçaları”nın misalında, hətta ayrı elementlərin tarixinə də toxunulur.

Müəllif muzey kolleksiyasının geniş təsvirinə özünün səmimi münasibətini göstərərək eksponatlar arasında onu ən çox heyran edən xalçanı xüsusi olaraq qeyd edir.

“Muzey kolleksiyasında ən sevdiyim xalçanın süjeti talesiz sevgililər – Leyli və Məcnun haqqında əfsanə əsasında qurulub. Burada eşqdən ağlını itirmiş, ayaqları qandallanmış Məcnun və həyati səhnələrin parlaq panoraması fonunda sevgilisinin yolunu gözləyən Leyli təsvir olunub”, - deyə müəllif yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.