İQTİSADİYYAT


“Khazar Islands”da ilk mərhələdə 100 min nəfərin yaşaması planlaşdırılmışdır

Bakı, 24 dekabr (AZƏRTAC). Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən “Khazar Islands” (Dənizdə şəhər) layihəsinin birinci mərhələsi 2014-cü ildə yekunlaşacaqdır. 

AZƏRTAC xəbər verir ki, bu barədə KİV-lərə layihəni reallaşdıran “Avesta” Konserninin prezidenti İbrahim Nehrəmli bildirmişdir.

Qeyd olunmuşdur ki, adalarda yaşayış 2014-cü ilin mart ayından başlanacaq və ilk mərhələdə burada 100 minədək insanın yaşaması planlaşdırılır. Ümumilikdə isə şəhərin ərazisi 3 min 500 hektarı əhatə edir. Üç mərhələdən ibarət layihənin 2-ci mərhələsinin tikintisinə 2014-cü ildə başlanacaq və 2019-cu ildə başa çatdırılacaqdır. Xəzər üzərində şəhər 55 adadan ibarət olacaqdır. Birinci ada qeyri-yaşayış sahəsidir. Digər 50-si isə yaşamaq üçün nəzərdə tutulmuşdur.

İbrahim Nehrəmli vurğulamışdır ki, hazırda “Khazar Islands” layihəsi çərçivəsində yaradılan adaların sahil xəttinin abadlaşdırılması, yeni bulvarların tikintisi aparılır. Uzunluğu 4 kilometrlik bulvar tikintisi başa çatmışdır. İlk mərhələdə 20 kilometrlik bulvarın və 20 körpünün tikintisi nəzərdə tutulmuşdur. Artıq ilk körpünün tikintisi başa çatmaq üzrədir. Körpünün tikintisi fransalı mütəxəssislərlə birgə həyata keçirilir.

Bundan başqa, şəhərdə kommunikasiya və infrastruktur layihələri həyata keçirilir, şəhərə su çəkilir, elektrik xətləri isə artıq çəkilmişdir. Şəhərin girişində hər biri 5 hektar olan 2 böyük park salınır. Artıq burada yaşıllaşdırma işləri gedir. Parkların birində 3 stadion və başqa idman qurğuları, digər parkda isə uşaq əyləncə qurğuları tikiləcəkdir.

Şəhərdə nəzərdə tutulan 8 yeraltı keçiddən birincisinin tikintisinə başlanılmış, 7 kilometr uzunluğunda asfalt yol çəkilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.