ELM VƏ TƏHSİL
Kibertəhlükəsizlik laboratoriyası tədqiqatların aparılmasına da imkan verəcək
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Kibertəhlükəsizlik laboratoriyasının açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və digər qonaqlar iştirak ediblər.
Qonaqlar laboratoriyada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, laboratoriya Təhsil Nazirliyinin qrantı əsasında həyata keçirilən “Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb. Cari ilin yanvar-iyun aylarında icra edilən layihənin əsas məqsədi İnformasiya texnologiyaları təhsili sahəsində MDU-nun potensialını artırmaqdan, kibertəhlükəsizlik üzrə modern təhsil modeli yaratmaqdan, tələbə, müəllim, məzun və tərəfdaşlar arasında kibertəhlükəsizliklə bağlı maarifləndirmə işini gücləndirməkdən ibarətdir. Laboratoriya kibertəhlükəsizlik və bütövlükdə İnformasiya texnologiyaları üzrə yüksəkixtisaslı mütəxəssis-mühəndislər hazırlamağa imkan verəcək və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən platforma rolunda çıxış edəcək. Laboratoriyanın yaradılmasında Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professorları Ercan Nurcan Yılmaz və Cemal Yılmaz yaxından iştirak ediblər. Laboratoriyada mövcud olan 22 kompüter kibertəhlükəsizliklə bağlı müvafiq proqram təminatına malikdir.
İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə seçilmiş fənlərin tədrisinin həyata keçiriləcəyi laboratoriya müvafiq istiqamətlər üzrə tədqiqatların aparılmasına da imkan verəcək.