ELM VƏ TƏHSİL
Kiberdayanıqlılığın təmin olunması problemləri üzrə tədqiqatlar aparılır
Bakı, 2 dekabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda işğaldan azad edilmiş ərazilərdə rəqəmsal texnologiyaların tətbiqi və innovasiya infrastrukturunun formalaşması problemlərinin tədqiqi həyata keçirilir. Həmçinin rəqəmsal iqtisadiyyatın yaşıllaşdırılması və kiberdayanıqlılığın təmin olunması problemləri üzrə tədqiqatlar yerinə yetirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib. O, rəhbərlik etdiyi şöbənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, elmi-ekspertiza, elmi-pedaqoji fəaliyyəti barədə danışıb.
Məruzəçi cari ildə tədqiqatların qlobal rəqəmsal transformasiya kontekstində milli iqtisadiyyatın kiberdayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi, İKT əsasında yeni rəqəmsal iqtisadiyyat sektorlarının formalaşması və inkişafı problemlərinin araşdırılması istiqamətləri üzrə aparıldığını bildirib. O, informasiya və bilik iqtisadiyyatının İKT əsasında effektiv inkişafının elmi-nəzəri problemlərinin tədqiq olunduğunu və innovasiyalı müəssisələrin fəaliyyətinin 4.0 sənaye platformasında səmərəli idarə olunması metodlarının işlənildiyini bildirib.