İQTİSADİYYAT


“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başlayıb

Bakı, 18 fevral, AZƏRTAC

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə cari il martın 2-6-da ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 4-də “Hackathon” müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin keçirilməsində məqsəd kibertəhlükəsizlik üzrə bacarıqların inkişaf etdirilməsi, sahə üzrə potensial kadrların aşkar edilməsi, gənclər arasında müvafiq sahəyə marağın artırılması və maarifləndirmənin genişləndirilməsidir. Qeydiyyat 3-5 iştirakçı olmaqla komandalar şəklində həyata keçirilir. Kibertəhlükəsizlik, *nix, proqramlaşdırma (scripting) üzrə baza biliklərinə malik ali və orta ixtisas təhsili məktəblərinin tələbələri müsabiqədə iştirak üçün müraciət edə bilərlər. İştirakçılar parametrləri tapşırığı yerinə yetirməyə müvafiq olan kompüterlərini özləri ilə gətirməlidirlər.

“Hackathon” 12 saat ərzində davam edəcək. İştirakçıların kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə onlara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik və digər bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. Belə ki, I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 2020-ci il fevralın 29-da saat 23:59-dək davam edəcək. Qeydiyyat üçün keçid:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfJwG6OgdHFPzB3b2UBq_F6NAjfOfO53YmGamkhHqf-p0FpnQ/viewform?usp=sf_link

Müsabiqə 2020-ci il martın 4-də Bakı Ali Neft Məktəbinin kampusunda (Səbail rayonu, Yeni Salyan yolu 3-cü km. 25, Bakı, Azərbaycan) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.