ELM VƏ TƏHSİL
“Kibertəhlükəsizlik” təlim layihəsində iştirak üçün seçim prosesi başa çatıb
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik” təlim layihəsinin üçüncü fazasının seçim prosesini başa çatdırıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, imtahanların birinci mərhələsində suallar tapşırıq formasında tərtib olunub və namizədlər tərəfindən fərdi qaydada cavablandırılıb. İmtahanda iştirak edən namizədlərin cavabları ilə bağlı qiymətləndirməni aidiyyəti sahə üzrə peşəkarlar həyata keçirib. Tapşırıq suallarını düzgün cavablandırmış tələbələr növbəti mərhələ olaraq müsahibəyə dəvət ediliblər.
Qeyd edək ki, “Kibertəhlükəsizlik” təlimlərinə qatılmaq məqsədilə ümumi olaraq 101 tələbə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərdən 50 nəfəri imtahanda iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 50 tələbədən 20 nəfəri isə müsahibədən uğurla keçib. Seçilən 20 tələbədən 10-u Bakı Ali Neft Məktəbi, 2-si Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 2-si Bakı Mühəndislik Universiteti, 1-i Azərbaycan Diplomatik Akademiyası, 4-ü Azərbaycan-Fransız Universiteti, 1-i isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında təhsil alır. 20 nəfər tələbənin iştirak edəcəyi təlimlər martın 15-dən aprelin 9-dək keçiriləcək.