ELM VƏ TƏHSİL
“Kibertəhlükəsizlik” təlim layihəsinə başlanılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik” təlim layihəsinə start verir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihədə beynəlxalq ekspertlər, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində (London King’s College, Oxford University) tədqiqatla məşğul olan, kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssisləri iştirak edəcəklər. Müxtəlif ali təhsil müəssisələrinin tələbələri üçün kibertəhlükəsizliyin əsasları, infrastruktur təhlükəsizliyi və s. mövzular üzrə təlimlər keçiriləcək. Təlimlər dörd ay müddətində onlayn formatda davam edəcək.
Müsabiqədə təməl ingilis dili bilikləri olan, kompüter elmləri, informasiya texnologiyaları və əlaqəli ixtisaslar üzrə təhsil alan ikinci və daha yuxarı kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək arzusunda olan və tələblərə uyğun gələn şəxslər qeydiyyatdan keçməlidirlər.