ELM VƏ TƏHSİL
Kiçik Qafqaz dağlarının torpaqlarının modelləşdirilməsi aparılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı Elton Məmmədovun Almaniya və Polşa alimləri ilə birgə elmi məqaləsi beynəlxalq impakt faktorlu jurnalda (“Communications in Soil Science and Plant Analysis”) dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə dağlıq ərazilərdə torpaqların əsas fiziki-kimyəvi göstəricilərinin spektroskopik məlumatlar əsasında modelləşdirilməsi tədqiq olunub. Araşdırmalar Azərbaycan ərazisində, Kiçik Qafqaz dağlarının alçaqdağlıq zonasında aparılıb və həmin zonanın torpaqlarında üzvi karbonun miqdarı, torpağın mühit reaksiyası, karbonatlıq, qranulometrik tərkib və rütubətliyin miqdarı hiperspektral məlumatlar əsasında uğurla modelləşdirilib.
Tədqiqat işində spektral məlumatların çoxsaylı transformasiyalarından istifadə olunmaqla ayrı-ayrı göstəricilərin proqnozlaşdırılması üçün əhəmiyyətli dalğa uzunluqları müəyyən edilib.