İQTİSADİYYAT
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Türkiyə təcrübəsindən istifadə edəcək
Bakı, 14 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin kiçik və orta sahibkarlığın inkişafı sahəsindəki geniş təcrübəsindən istifadə etmək məqsədilə bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə əməkdaşlığı genişləndirəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, mayın 14-də Ankarada iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovun KOSGEB-in sədri Cəvahir Uzkurt ilə görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatın geniş təcrübəsindən yararlanmasına, hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinə, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.
Görüşdə, həmçinin KOBİA-nın və KOSGEB-in fəaliyyəti, sahibkarlara göstərdikləri xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Görüşdən sonra KOBİA və KOSGEB arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Türkiyəyə səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank və nazir müavini Çətin Əli Dönməz, Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Katılım Bankçılığı Birliyinin, "Türk Eximbank"ın nümayəndələri, İslam İnkişaf Bankının regional ofisinin rəhbərliyi ilə görüşüb, müvafiq sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.