İQTİSADİYYAT


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri "CEO Lunch Baku"nun fəxri qonağı olub

Bakı, 11 iyul, AZƏRTAC

"Caspian European Club" iyulun 11-də 15-ci "CEO Lunch Baku" keçirib.

"Caspian European Club"dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov "CEO Lunch Baku"da fəxri qonaq qismində iştirak edib.

Orxan Məmmədov çıxışında qısa müddət ərzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "Caspian European Club" arasında fəal əməkdaşlığın qurulduğunu qeyd edərək, işgüzar insanların iştirakı ilə bu formatda tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

O.Məmmədov iştirakçılara ölkəmizin başçısının "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi" haqqında sonuncu Fərmanına əsasən tətbiq edilən yeniliklər, həmçinin həmin fərmanın icrası ilə bağlı məsələlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, agentliyin missiyası kiçik və orta biznes sektorunun davamlı inkişafına nail olmaqdan və əlverişli biznes mühitini yaxşılaşdırmaq, kiçik və orta biznes subyektlərinin çoxsaylı dəstək tədbirlərindən maneəsiz və rahat yararlanmasını təmin etmək yolu ilə ölkə iqtisadiyyatındakı rolunu artırmaqdan ibarətdir.

"Caspian European Club"un fəxri üzvlük sertifikatını Orxan Məmmədova təqdim edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev "CEO Lunch Baku"da fəal iştirakına, həmçinin tədbir zamanı "Caspian European Club"un üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib. O qeyd edib ki, "CEO Lunch Baku" çərçivəsində şirkətlər onları maraqlandıran bütün suallara cavab tapıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.

Telman Əliyev tədbirə qatılmış bütün qonaqları Azərbaycan Respublikası hökumətinin və "Caspian European Club"un dəstəyi ilə 2018-ci il sentyabrın 20-də Bakıda keçiriləcək VII Beynəlxalq "Caspian Energy Forum Baku – 2018"ə dəvət edib.

Onun sözlərinə görə, "Caspian Energy Forum Baku – 2018"də sıralarında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya təmsilçilərinin yer aldığı 1500-dən artıq nümayəndə iştirak edəcək.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" təsis olunub. Hər iki təşkilat 2 il ərzində "Caspian European Club"un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.

"Caspian European Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Görüşün iştirakçıları üçün klubun "PASHA Insurance" və "Aggreko" kimi üzv-şirkətlərinin təqdimatı keçirilib.

"CEO Lunch Baku"da 100-ə yaxın şirkət və təşkilat iştirak edib.

"Caspian European Club"a daxil olan və buradakı iştiraklarını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.