İQTİSADİYYAT


Kiçik və orta sahibkarlığın inkişafı tədbirlərinə beynəlxalq ekspertlər cəlb edilir

Bakı, 7 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərin iştirakı ilə dekabrın 7-də Bakıda "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda seminar keçirilib. Seminarda bir sıra dövlət qurumlarını və beynəlxalq təşkilatları təmsil edən 40-dan çox nümayəndə iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə 11 istiqamət üzrə yol xəritələri, o cümlədən "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" təsdiq olunduğunu vurğulayıb. O, bu istiqamətdə görülmüş işlər, biznes və investisiya mühitinin inkişafı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Nazir müavini bu yol xəritəsinin icrası istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə OECD ilə həyata keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda təhlil icmalı ilə bağlı işlər aparıldığını bildirib və sənəd barədə məlumat verib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Jeroen Villems və OECD-nin Qlobal Münasibətlər üzrə layihə rəhbəri Bill Tompson tədbirin əhəmiyyəti, kiçik və orta sahibkarlıq (KOS) sahəsində həyata keçirilən yol xəritəsi üzrə müəyyən olunmuş hədəf istiqamətlər üzrə, həmçinin Azərbaycan hökuməti ilə birgə həyata keçirilən layihə haqqında ətraflı məlumat veriblər.

Sonra "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə strateji hədəflərin (Biznes tərəfdaşlığı, KOS-lar üçün alternativ maliyyə alətləri, KOS subyektlərinin beynəlmiləlləşdirilməsi, qadın sahibkarlıq) icrasına OECD-nin göstərəcəyi ekspert dəstəyi barədə müzakirələr aparılıb.

Həmçinin bu tədbirlər çərçivəsində investisiyanın təşviqi və asanlaşdırılması, müəssisə sorğusu layihəsi və xarici investorlar ilə əlaqə, KOS strategiyaları və fəaliyyət planlarının monitorinqi və qiymətləndirilməsi üçün məlumatların toplanması, təhlili, hesabatvermə bilikləri barədə təqdimatlar edilib, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.