CƏMİYYƏT
Kiçikhəcmli gəmi istifadəçilərinə texniki talonlar təqdim edilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Lənkəranın Balıqçılar qəsəbəsində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçisinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən qayıqlara texniki baxış keçirilib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı gəmilərin texniki sənədləri, həmin nəqliyyat vasitələrinin yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, eyni zamanda, xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.
Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 109 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub.
Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 98 su nəqliyyat vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub.